• (+994) 50 523 63 63 - Reservation *5353
  • Re-examination - (+994) 51 761 56 36

Ekrana uzun müddət baxmaq görməni zəiflədir?

Ekrana uzun müddət baxmaq görməni zəiflədir?

Rəqəmsal cihazlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Telefon, planşet və komputer qarşısında saatlarla vaxt keçirmək artıq normal hesab olunur. Bu səbəbdən ən çox verilən suallardan biri də budur ki, ekrana uzun müddət baxmaq görməni zəiflədir?

Elmi araşdırmalar göstərir ki, ekranlar birbaşa və qalıcı görmə itkisinə səbəb olmur. Lakin uzunmüddətli və fasiləsiz istifadə zamanı göz yorğunluğu, göz quruluğu, fokus problemləri və bəzi hallarda miopiya kimi hallara rast gəlinir. Burada əsas məsələ ekranın özü deyil, istifadə müddəti, məsafə, işıqlandırma və fasilələrin olmamasıdır.

Uzunmüddətli ekran istifadəsi göz sağlamlığına necə təsir edir?

Adətən tez-tez deyilir ki, telefon və computer istifadəsi “gözləri kor edir”. Bu ifadə elmi baxımdan doğru olmasa da ekran istifadəsinin gözə təsiri tamamilə mif də deyil. Mövzu daha çox funksional problemlərlə bağlıdır.

Mavi işıq gözlər üçün zərərlidir?

Mavi işıq görünən işıq spektrinin yüksək enerjili hissəsidir və günəş işığında da mövcuddur. Telefon və komputer ekranları mavi işıq yayır. Lakin bu miqdar günəş işığı ilə müqayisədə çox aşağıdır.

Hazırkı oftalmoloji araşdırmalar göstərir ki, adi ekran istifadəsi torlu qişada qalıcı zədələnmə yaratmır. Bununla belə, mavi işıq uzun müddət yaxın məsafədən və xüsusilə gecə saatlarında qəbul edildikdə göz yorğunluğu və yuxu pozuntularına səbəb ola bilər. Bunun səbəbi mavi işığın melatonin hormonunun ifrazını azaltmasıdır ki, bu da yuxu ritmini poza bilər.

Bəzi insanlar mavi işıq filtrli eynəklərdən istifadə etdikdə rahatlıq hiss etdiklərini bildirirlər. Lakin klinik tədqiqatlar bu eynəklərin mütləq tibbi zərurət olduğunu təsdiqləmir. Əsas tövsiyə isə odur ki, gecə saatlarında ekran vaxtını azaltmaq və “gecə rejimi” funksiyasından istifadə etməkdir.

Rəqəmsal göz yorğunluğu nədir?

“Digital Eye Strain” və ya komputer görmə sindromu uzun müddət ekran qarşısında işləyən insanlarda rast gəlinən simptomlar kompleksidir. Bu vəziyyət xüsusilə ofis işçilərində, tələbələrdə və onlayn dərs alan uşaqlarda daha çox müşahidə olunur.

Əsas əlamətləri:


  • Göz quruluğu
  • Yanma və batma hissi
  • Bulanıq görmə
  • Baş və boyun ağrısı

İnsan ekrana baxarkən normalda dəqiqədə 15–20 dəfə göz qırpdığı halda, rəqəmsal cihazlardan istifadə zamanı bu rəqəm 5–7-yə düşür. Göz qırpmanın azalması göz səthinin qurumasına və narahatlığa səbəb olur. Bu isə quru göz sindromunun inkişaf riskini artırır. Bu problem daha çox 2 saatdan artıq fasiləsiz ekran istifadəsi zamanı müşahidə olunur. Göz quruluğu və göz yorğunluğu haqqında daha ətraflı məlumat üçün öncədən hazırladığımız bloqa (https://www.drcahid.com/bloq/89--goz-yorunlugu-sebebleri.html) keçid edə bilərsiniz.



Ekrana uzun müddət baxmaq görməni zəiflədir?

Uşaqlarda ekran istifadəsi miopiyanı artırır?

Son 20 ildə dünyada miopiya (uzağı zəif görmə) halları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Şərqi Asiya ölkələrində məktəb yaşlı uşaqlarda miopiya səviyyəsi 70–80%-ə qədər yüksəlib. Araşdırmalar göstərir ki, uzun müddət yaxın məsafəyə fokuslanmaq, açıq havada az vaxt keçirmək, gün işığını kifayət qədər qəbul etməmək miopiya riskini artırır.

Ekran istifadəsi bu xəstəliyə birbaşa səbəb olmasa da, uşaqların açıq hava aktivliyinin azalmasına birbaşa təsir etdiyi üçün göz zəifləməsi ilə əlaqələndirilir. Gündə ən azı 1,5–2 saat açıq havada vaxt keçirmək miopiya riskini azalda bilər. Bu səbəbdən uşaqlarda ekran vaxtının balanslı idarə olunması vacibdir.

Uzun müddət ekrana baxmaq hansı göz problemlərinə səbəb ola bilər?

Ekran istifadəsi birbaşa xəstəliklərə səbəb olmasa da, uzun müddət və fasiləsiz istifadə göz sağlamlığında funksional dəyişikliklər yarada bilər. Bu problemlərin əksəriyyəti müvəqqətidir və  düzgün yanaşma ilə aradan qaldırıla bilər. Lakin simptomlar davamlı və intensiv olduqda, bu artıq mövcud refraksiya qüsurunun, quru göz sindromunun və ya digər oftalmoloji problemlərin göstəricisi ola bilər. Xüsusilə ofis işçiləri, tələbələr, proqramçılar və onlayn dərs alan uşaqlar risk qrupuna daxildir. Problemin əsas səbəbi ekranın özü deyil, uzun müddət yaxın məsafəyə fokuslanma, az göz qırpma və şəraitdir.

Göz quruluğu

Göz quruluğu ekran istifadəsi ilə ən çox əlaqələndirilən problemlərdən biridir. Normalda insan dəqiqədə təxminən 15–20 dəfə göz qırpır. Lakin ekran qarşısında bu rəqəm 50%-ə qədər azalır. Göz qırpma azaldıqda göz yaşı təbəqəsi bərabər paylanmır və daha tez buxarlanır. Nəticədə gözlərdə yanma və batma hissi, qızartı, axşam saatlarında görmə keyfiyyətinin azalması kimi hallar yaranır. Xüsusilə kondisionerli, quru hava olan ofis mühitində bu problem daha da artır. Problemin həlli üçün süni göz yaşı damcıları, erkana baxarkən arada fasilələr və ekran vaxtının tənzimlənməsi mühüm rol oynayır.

Müvəqqəti bulanıq görmə və akkomodasiya spazmı

Uzun müddət yaxın obyektə baxmaq gözün fokus mexanizmini idarə edən siliyar əzələlərin gərgin vəziyyətdə qalmasına səbəb olur. Bu vəziyyət akkomodasiya spazmı adlanır. Nəticədə insan uzağa baxdıqda görmə bulanıq olur, fokus gec bərpa olur və “Gözlər açılmır” hissi yaranır. Bu problem isə adətən istirahət və uzağa baxış məşqləri ilə düzəlir. Lakin tez-tez təkrarlanarsa, gizli miopiya və ya digər refraksiya problemlərinin göstəricisi ola bilər. Bu halda həkim müayinəsi mütləqdir.

Miopiya riskinin artması (xüsusilə uşaqlarda)


Tədqiqatlar göstərir ki, uzun müddət yaxın məsafədə fəaliyyət (oxuma, telefon istifadə etmək və s.) miopiya riskini artıran faktorlar arasındadır. Burada əsas məsələ yalnız ekran deyil, yaxın məsafəyə intensiv fokuslanmadır. Uşaqlarda gün işığında az vaxt keçirmək, açıq hava aktivliyinin azalması, uzunmüddətli planşet və telefon istifadəsi miopiyanın inkişaf ehtimalını artırır. Ümumdünya səhiyyə araşdırmalarına görə açıq havada gündə ən az 90–120 dəqiqə vaxt keçirmək miopiya riskini azalda bilər. Buna görə də ekrandan istifadəni balansda saxlamaq çox vacibdir.

Baş ağrısı və göz ətrafı gərginlik

Ekran qarşısında düzgün olmayan oturuş və monitor mövqeyi baş ağrısına səbəb ola bilər. Ekran çox yuxarıda və ya çox yaxın olduqda boyun və göz əzələləri əlavə gərginlik altında qalır. Bu zaman gicgah və alın nahiyəsində ağrı, boyun və çiyin gərginliyi, xüsusilə axşam saatlarında yorğunluq hissi yarana bilər. Monitorun gözdən 50–70 sm məsafədə yerləşdirilməsi və göz səviyyəsindən bir qədər aşağı olması bu problemlərin azalmasına kömək edəcək.

Baş ağrısı və göz ətrafı gərginlik

İşığa həssaslıq və göz qızartısı

Uzun müddət parlaq ekrana baxmaq bəzi insanlarda fotohəssaslıq yarada bilər. Bu, xüsusilə quru göz sindromu olan şəxslərdə daha çox müşahidə olunur. Parlaq işıqda narahatlıq, süni işıqda göz qıyma, göz sulanması və s. kimi problemlərə daha çox rast gəlinir. Bu hallarda ekran parlaqlığının mühit işığına uyğun tənzimlənməsi və anti-refleks filtr istifadəsi kömək edə bilər.

Gizli refraksiya qüsurlarının üzə çıxması

Bəzi insanlarda zəif astiqmatizm və ya minimal miopiya gündəlik həyatda hiss olunmaya bilər. Lakin ekran qarşısında uzun müddət işlədikdə bu qüsurlar daha aydın simptomlarla özünü göstərə bilər. Məsələn, axşam saatlarında görmənin zəifləməsi, oxuyarkən tez yorulma, tez-tez göz qıyma və s. Bu hallarda səbəb ekran deyil, mövcud və korreksiya olunmamış görmə qüsurudur. Bu simptomlar davamlıdırsa, həkim müayinəsi vacibdir.

Ümumi nəticə

Ekrana baxmaq birbaşa qalıcı görmə itkisinə səbəb olmur. Lakin uzun müddətli və düzgün idarə olunmayan ekran istifadəsi quru göz sindromu, rəqəmsal göz yorğunluğu, müvəqqəti bulanıq görmə və uşaqlarda miopiya riskinin artması ilə əlaqələndirilə bilər.

Müntəzəm göz müayinəsi nə üçün vacibdir?

Bir çox insan görmə zəifləməsini ekranla əlaqələndirsə də, əslində səbəb mövcud refraksiya qüsuru ola bilər. Vaxtında aparılan göz müayinəsi, miopiya və astiqmatizmi, göz quruluğu, göz təzyiqini və s. kimi problemləri aşkar edir. Unutmayın ki, erkən diaqnoz gələcəkdə daha ciddi problemlərin qarşısını ala bilər.

Əgər simptomlar tez-tez təkrarlanırsa və ya gündəlik fəaliyyətə təsir edirsə, səbəbi dəqiqləşdirmək üçün daha ətraflı məlumat üçün göz müayinəsinə qeydiyyatdan(https://www.drcahid.com/#elaqe) keçə bilərsiniz.